Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.
Qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyası tərəfindən nəzəri bilikləri yüksək qiymətləndirilən ərizəçilər ikinci mərhələdə praktiki bacarıqların qiymətləndirilməsi mərhələsində iştirak hüququ əldə edirlər.
Hər iki imtahanda uğurlu nəticə əldə edən ərizəçilərə “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşə ixtisası üzrə dövlət nümunəli təhsil sənədi təqdim olunacaq və onların məşğulluq imkanlarına dəstək göstəriləcəkdir.
Qeyd edək ki, peşə ixtisasları üzrə qeydiyyat davam edir. Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər.