Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Bakı Biznes Universitetində fəaliyyət göstərən akademik və inzibati heyətə “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” barədə seminar keçirilib.
Görüş iştirakçılarına yeni redaksiyada təsdiq olunan “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və bu qaydalara əsasən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ekspertlərin rolu, əhəmiyyəti və onlara qoyulan minimal tələblər barədə məlumat verilib.
Daha sonra yeni redaksiyada təsdiq olunmuş Akkreditasiya Qaydalarının öncəki redaksiyadan fərqlərinə dair məqamlar xüsusi qeyd olunub. Eyni zamanda, Agentlik tərəfindən yaradılan “Ekspert bankı”na seçilmiş nümayəndələr üçün müvafiq təlimlərin təşkil olunması və ekspertlərin sertifikatlaşdırılması məsələsi də diqqətə çatdırılıb.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Akkreditasiya prosesində iştirak etmək istəyən namizədləri keçid-dən istifadə edərək “Ekspert bankı”na müraciət etməyə dəvət edir.