Image alternative text, required
Akkreditasiya qiymətləndirilməsində ekspertlərin fəaliyyətinin əhəmiyyəti
Title

Azərbaycan Respublikası Prezidentinin 29.12.2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirməkdir. Həmçinin, Agentlik Nizamnaməsində qeyd edilmiş fəaliyyət istiqamətlərinin yerinə yetirilməsi zamanı yerli və xarici ekspertləri cəlb etmək hüququna malikdir. Bundan irəli gələrək, Agentlik məhz akkreditasiya qiymətləndirilməsi zamanı qurulacaq müvafiq Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak edəcək yerli və xarici mütəxəssislərin seçilməsi və sertifikatlaşdırılması məqsədilə ekspert bankının formalaşdırılması vəzifəsini öz üzərinə götürmüşdür. Bu məqsədlə akkreditasiya qiymətləndirilməsində ekspert kimi fəaliyyət göstərmək istəyən namizədlərin müraciəti üçün Agentliyin rəsmi internet səhifəsində (www.tkta.edu.az) “Ekspert komandamıza qoşulun” keçidi yerləşdirilib.

 

Belə ki, sözügedən banka müraciət edən şəxslər 3 modul təlimə cəlb olunurlar. 1-ci modul təlim Daxili Keyfiyyət Təminatı, 2-ci modul təlim Akkreditasiya qiymətləndirmə prosesində ekspertlərin peşəkar fəaliyyəti, 3-cü modul təlim isə Akkreditasiya meyarlarına aiddir. Modullararası qiymətləndirmə keçirilərək müvəffəqiyyət qazanan namizədlər bir sonrakı modul təlimə qatılmağa haqq qazanırlar. 3-cü modul təlimi müvəffəqiyətlə tamamlamış namizədlər akkreditasiya proseslərində iştirak hüququ verən sertifikat əldə edəcəklər.

 

Bu zamanadək 30-dan çox ali təhsil müəssisəsində ekspert bankının əhəmiyyəti və ona müraciət qaydaları ilə bağlı məlumatlandırma günləri təşkil olunub. Nəticə olaraq 600-dən çox namizəd banka müraciət etib və qoyulan minimal tələblərə cavab verən 350 namizəd 1-ci modul təlimlərə cəlb olunub. Eləcə də 252 namizəd 1-ci modul təlimi müvəffəqiyətlə tamamlayaraq  2-ci modul təlimə cəlb olunub. 3-cü modula müvəffəqiyyətlə keçən  196 namizədə təlimin növbəti aylarda təşkil olunması planlaşdırılır.

 

Beləliklə, Ali təhsil sahəsi üzrə yerli və xarici mütəxəssisləri, elmi müəssisələrdən nümayəndələri, ixtisaslaşmış mütəxəssisləri (maliyyə, informasiyakommunikasiya texnologiyaları və digər sahələr üzrə) və işəgötürənləri ekspert bankına dair məlumatla tanış olmağa və qoyulan minimal tələbləri ödəyən namizədlərin müəyyən olunmuş qaydada ekspert bankına müraciət etməyə çağırırıq.