Image alternative text, required
Qiymətləndirmə metodologiyası
Məlumat

Tanınma - xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması dedikdə şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsi başa düşülür.

 

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir

 

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədilə ərizələrin qəbulu yalnız elektron qaydada həyata keçirilir. Əlavə suallar üçün info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.

 

 

Müraciət et        SƏNƏDİNİ YOXLA

 

 

 

Leqallaşdırma

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən  diplom, diplom əlavəsi və qismət tanınması üçün müraciət edilmiş akademik transkript  sənədləri Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli  Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır.

 

Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil möhürü diplom və transkriptii imzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.

 

QEYD: Kovensiyaya qoşulmayan xarici ölkələrdə alınan ali təhsil sənədləri, sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.

 

DİQQƏT! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalar”na əsasən Azərbaycan gənclərinin dövlət proqramları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları, o cümlədən beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar üzrə təhsil almış tələbələrin ali təhsil sənədlərinin leqallaşdırılmasına/apostil şəhadətnaməsi əlavə edilməsinə zərurət yoxdur.

 

Tanınma haqqında şəhadətnamə

Ekspertizanın yekununda müsbət rəylə qiymətləndirilmiş ərizəçilərə, müvafiq olaraq elektron şəhadətnamə təqdim olunur.

 

İstifadə rahatlığını təmin etmək çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim olunmuş sənədlərin həqiqiliyini yoxlamaq məqsədilə istifadəyə verilmiş məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür.

 

Həmin məlumat bazası vasitəsilə, həmçinin, ekspertiza müddətində aidiyyəti yerə təqdim etmələri üçün ərizəçilər tərəfindən əldə olunmuş müxtəlif növ elektron arayışların da həqiqiliyini yoxlamaq mümkündür.

 

Sənədini yoxla

Kadr bankı

1. Kadr bankı xaricdə ali təhsil almış tələbələrə ölkəmizin əmək bazarına giriş imkanını artırmaq, eyni zamanda, işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə vermək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmışdır.

 

2. Yalnız xaricdə ali təhsil almış və diplomları ölkə ərazisində tanınmış vətəndaşlar sözügedən kadr bankına qoşula bilərlər.

 

3. Kadr bankına qoşulmaq üçün vətəndaşlar elektron ərizə sistemi (http://apply.enic.edu.az) üzrə yaratdıqları kabinetə daxil olmalıdırlar.

 

4. Kabinetə daxil olduqdan sonra ərizəçilər “Kadr bankına qoşul” düyməsinə sıxmalı, tərcümeyi-hallarını və fotoşəkillərini əlavə etdikdən sonra müraciətlərini təsdiq etməlidirlər:

 

 

5. Tərcümeyi-halın formatına dair hər hansı məhdudiyyət yoxdur. Bununla belə, təqdim edilən sənədlərin standartlara uyğun qaydada hazırlanması işəgötürənlər tərəfindən həmin sənədə baxılması zamanı mühüm rol oynayır.

 

6. Fotoşəklin 3x4 formatında olması arzuolunandır, lakin məcburi deyil. Təqdim olunan fotoşəkillərin çəkilişi zamanı açıq rəngli fonlardan istifadə olunması zəruridir. Nümunə:

 

      

 

7. Təqdim olunan fotoşəkillər tələblərə uyğun olmadıqları və ya keyfiyyətsiz olduqları təqdirdə, kadr bankına qoşulmaq üçün edilən müraciətlər geri qaytarılır və müraciətçiyə bu barədə bildiriş göndərilir.

 

8. Şəxsi kabinetinizə daxil ola bilmədikdə və ya şəxsi kabinet yaratmaq istədikdə, şəxsiyyət vəsiqənizin elektron surəti ilə birlikdə Agentliyin info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.