Ölkəmizdə gedən dinamik islahatlar prosesi və xüsusilə Qarabağın dirçəlişinə yönəlmiş “Böyük Qayıdış” strateji proqramın icrasında bir çox böyük iqtisadi, sosial və humanitar layihələrin icrası Azərbaycan dövlət qurumlarının və cəmiyyətinin maksimum səfərbərliyini tələb etməkdədir.
Azad olunmuş ərazilərlə yanaşı bütünlüklə ölkə ərazisində aqrar sənaye komplekslərinin, rabitə və informasiya texnologiyalarının, tikinti sənayesinin, qeyri-neft sənayesində sahibkarlıq fəaliyyətinin formalaşması ,“ağıllı kənd və şəhərlərin” yaradılması, keyfiyyətli müasir texnologiyaların imkanlarından faydalana bilən və bu proseslərin inkişafına töhfə verəcək müasir düşüncəli, rəqabətqabiliyyətli gənc peşəkarlara xüsusi ehtiyac yaradır.
Bu səbəbdən, Təhsildə Keyfiyyət Təminatı Agentliyi də effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil edərək, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərməkdədir.
Başqa sözlə desək, Agentlik olaraq bizim əsas amalımız ölkədə “Keyfiyyət-mərkəzli ömür boyu
təhsil”in formalaşmasına təminat yaratmaq üçün cəmiyyət və bütün digər təhsil sahəsinin iştirakçıları ilə birlikdə maksimum səmərəli nəticə əldə etməkdir.
Bu baxımdan, yeni Akkreditasiya Qaydaları isə təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı ilə bağlı bir çox üstünlükləri yaratmaqla cəmiyyətin keyfiyyətli təhsilə olan bir çox gözləntilərinin təmin olunmasına töhvə vermiş olacaqdır. Belə ki ;
Azərbaycan Respublikasında təhsil sisteminin inkişafı, beynəlmiləlləşməsi və təhsilin keyfiyyət səviyyəsinin yüksədillməsinin təmin olunması məqsədilə beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin elektronlaşdırılmış akkreditasiyası sistemi formalaşacaq;
Ali təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi zamanı Avropa Ali Təhsil Məkanının keyfiyyət təminatı prinsiplərinin də nəzərə alınması təmin olunacaq;
Məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramlarının akkreditasiyası məqsədilə təhsil proqramlarının icrasının qiymətləndirilməsi mexanizmi formalaşacaq;
Təhsil müəssisəsinin fəaliyyətinin və ayrı-ayrı təhsil proqramlarının icrasının qiymətləndirilməsi prosesinə müstəqil ekspertlərlə bərabər təhsil müəssisəsinin fəaliyyətində maraqlı tərəflərin, xüsusən də işəgötürənlərin və təhsilalanların nümayəndələri cəlb ediləcək;
Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin qurulmasına köməklik göstərəcək (Agentliyin bu sahədə məsləhət və metodiki dəstək xidmətləri də daxil olmaqla) və təhsil müəssisələrini öz strateji inkişaf planını və keyfiyyət siyasətini formalaşdırmağa təşviq edəcək.
Əlavə olaraq, yeni Akkreditasiya Qaydaları təhsildə keyfiyyət mədəniyyətinin formalaşmasına, Azərbaycan təhsil məkanının dünyanın inkişaf etmiş təhsil institutları ilə əməkdaşlığı üçün zəmin yaratmasına və ölkənin təhsil müəssisələri məzunlarının həm yerli, həm də dünya əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətinin yüksəlməsinə təsir edəcəkdir.