Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplaması) tələb olunur.
Peşə tanınması üzrə növbəti imtahanın 6 oktyabr 2024-cü il tarixində saat 13:00-da DİM-in elektron imtahanlar korpusunda rəqəmsal formatda keçirilməsi nəzərdə tutulur.
İmtahanın başlanmasından ən az 1 saat öncə şəxsiyyətinizi təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi" ilə birlikdə imtahan binasına yaxınlaşmağınız zəruridir.
Bildiririk ki, imtahanda iştirak öncədən təsdiq olunmuş siyahı əsasında həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, İMTAHANDA İŞTİRAK EDƏ BİLMƏYƏCƏK şəxslərdən 30 sentyabr 2024-cü il saat 17:00-dək məlumat vermələri xahiş olunur (əlaqə üçün: info@tkta.edu.az) Yalnız iştirak təsdiq edildikdən sonra siyahı DİM-ə ötürüləcəkdir (imtahanda iştirak edəcək şəxslərin iştiraklarını təsdiqləməyə ehtiyac yoxdur). Hər bir şəxsin imtahanda iştirakı üçün müvafiq olaraq ödəniş həyata keçirildiyinə görə, imtahanda iştirak edəcək şəxslərdən məsələyə məsuliyyətli yanaşmaları xahiş olunur.
İmtahanın keçiriləcəyi ünvan: Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsi (Türk Dövlətləri Parlament Assambleyası binasının yanı).
İmtahanla bağlı ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.