Bəzi xaricdə təhsil şirkətlərinin elanlarında xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınacağına dair zəmanət verildiyi müşahidə edilir. Bir daha diqqətinizə çatdırırıq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Bildiririk ki, xaricdə əldə olunmuş kvalifikasiyalar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.
Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.