Image alternative text, required
Vizajist, manikürçü və bərbərlərə sertifikatlar və diplom təqdim olunub
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisası üzrə həyata keçirilən imtahanlarda yüksək nəticə göstərən namizədlərin “Talıboff Barber Club” bərbər salonunda təltifolunma mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Agentliyin qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova sertifikat və diplom sahiblərini təbrik edərək qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülmüş işlər barədə danışaraq imtahanlardan uğurla keçən namizədləri təbrik edib.

Daha sonra “Talıboff Barber Club”un rəhbəri, eyni zamanda sahə üzrə müstəqil ekspert Əjdər Talıbov çıxış edərək formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyəti barədə fikirlərini, həmçinin, öz təcrübələrini namizədlərlə bölüşüb.

Əlavə olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat və diplomun həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan da danışılıb.

Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modullar üzrə diplom və sertifikatlar təqdim olunub.