Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması çərçivəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Elektron Ərizə Sisteminə yeni funksiya əlavə edib.
Belə ki, vətəndaş müraciətlərinin qəbulu üçün Elektron Ərizə Sistemində (apply.enic.edu.az) ismarıc qutusu yaradılaraq istifadəyə verilib. İsmarıc qutusunun təsis edilməsində əsas məqsəd vətəndaşlar tərəfindən Agentliyə sorğu göndərilməsini asanlaşdırmaq və operativ qaydada cavablandırmaqdır.
Elektron Ərizə Sistemində xarici diplomlarının tanınması məqsədilə qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq, hər bir vətəndaş ismarıc qutusundan istifadə etməklə öz müraciətini Agentliyə ünvanlaya bilər. Yaradılmış funksiya müraciətin növünü və mövzusunu seçməklə, vətəndaşlara xarici diplomların tanınması ilə bağlı suallarını, şikayətlərini və ya təkliflərini Agentliyə bildirmək imkanı təqdim edir.
Müraciət edilən zaman vətəndaşlardan aktiv elektron poçt ünvanı və əlaqə nömrəsi istənilir ki, bu da daxil olan müraciətlərin təhlili zamanı zərurət yarandığı halda Agentliyin əməkdaşlarına müraciət sahibi ilə yerində əlaqə yaratmağa imkan verəcəkdir.