Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Əməliyyatçı-mühasib” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.
“İATM” MMC ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində daha öncə bilikləri qiymətləndirilərək nəzəri imtahandan uğurla keçən ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan sözügedən şirkətin istehsalat bazasında təşkil edilib.
TKTA-nın nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, “İATM” MMC-nin təsisçisi və prezidenti Radil Fətullayev üzv kimi, sahə üzrə müstəqil ekspert qismində isə SOCAR, Azəriqaz İB-in mühasibi İlkin Məmmədzadə və “İATM” MMC-nin Tədris xidmətləri üzrə meneceri Nail Mikayılov cəlb edilib.
Yekunda TKTA-nın nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyası tərəfindən aparılan qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Əməliyyatçı mühasib” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət “Əməliyyatçı mühasib” peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.