24 Dekabr 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı (BANM) ilə Bakı Ali Neft Məktəbində “Keyfiyyətli təhsil – Müasir çağırışlar” mövzusunda forum keçirilib. Forumda TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Agentliyin struktur bölmə rəhbərləri və əməkdaşları, BANM rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın üzvləri, həmçinin Bakı şəhəri və Abşeron rayonunda yerləşən ümumlikdə 42 ali təhsil müəssisəsinin 120 nəfərdən artıq akademik və inzibati heyəti iştirak edib.
Forumun məqsədi Bakı şəhəri və Abşeron rayonunda yerləşən ali təhsil müəssisələrinə keyfiyyət təminatına dair faydalı məlumatların verilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, eləcə də ali təhsil müəssisələrində keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönümlü prinsiplər əsasında qurulmasına dəstək olmaqdır.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.
Tədbiri giriş nitqi ilə açan BANM rektoru Elmar Qasımov təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayıb. O, Agentliyin regionlarda və Bakı şəhərində təşkil etdiyi forumun böyük əhəmiyyət daşıdığıni vurğulayıb və Agentliyin ali təhsil müəssisələrinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə çıxışında Agentliyin hazırkı fəaliyyətini yüksək qiymətləndirmiş və bu tip forumların davamlı keçirilməsinin zəruriliyini qeyd edib.
TKTA İdarə Heyətinin sədri Tural Əhmədov tədbir iştirakçılarına ali təhsil sisteminin müasir çağırışları ilə bağlı vacib məsələlər haqqında məlumat verib. O, qeyd edib ki, təhsil sisteminin inkişafı üçün müasir dövrün tələblərinə uyğun islahatlar aparılmasın və ali təhsil müəssisələrinin beynəlxalq standartlara uyğunlaşmasının, eləcə də tələbələrə keyfiyyətli təhsil imkanlarının yaradılmasının zəruriliyini vurğulayıb. Daha sonra, TKTA İdarə Heyətinin sədri Tural Əhmədov, Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev və Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov tərəfindən forum iştirakçılarını maraqlandıran suallara cavablandırılıb.
Tədbirin ikinci hissəsində isə TKTA əməkdaşları tərəfindən “Tələbəyönümlü yanaşma və effektiv təlim nəticələri” və “Məlumatəsaslı qərarvermə yolu ilə ATM-də keyfiyyət mədəniyyətinin formalaşdırılması” mövzularında praktiki təlimlər təşkil edilib.