Image alternative text, required
TKTA tərəfindən “Ümumi təhsildə davamlı keyfiyyət təminatı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib
Title

20 noyabr 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Ümumi təhsildə davamlı keyfiyyət təminatı” adlı konfrans təşkil edilib.

Konfransın əsas məqsədi Azərbaycanda ümumi təhsildə xarici və daxili keyfiyyət təminatı istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələrin paylaşılması, bu sahədəki qabaqcıl təcrübələrin öyrənilməsi, həmçinin ümumi təhsildə keyfiyyət təminatının mühüm aspektləri ətrafında müzakirələrin təşkil edilməsidir.

Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli, nazirliyin səlahiyyətli nümayəndələri, yerli ümumi, orta və ali təhsil müəssisələrinin rəhbərləri, və digər aidiyyəti qurumların nümayəndələri, eləcə də bu sahə üzrə beynəlxalq ekspertlər  yer alıb.

Agentliyin İdarə Heyətinin sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Kamran Rəsulov açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və əlaqəli sahədə bugünə kimi görülmüş işlər barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli öz çıxışında ümumi  təhsil sahəsində aparılan islahatlardan danışıb, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.

Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyi Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən  Elnur Əliyev, Başkənt Universitetinin Təhsil Elmləri İnstitutunun Direktoru, Prof. Dr. Sərvət Özdəmir, Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının Təhsil Komitəsinin məsləhətçisi, Məktəb inspeksiyasına dair nəşrlərin müəllifi və Ülyahəzrət Kraliçanın sabiq Məktəb Müfəttişi, Adrian Gray və Türkiyə Respublikası Təhsil Nazirliyinin Təlim Tərbiyyə Şurasının keçmiş sədri, Prof. Dr. Bürhanətdin Dönməzin çıxışları ilə davam edib.

Konfrans yerli və beynəlxalq ekspertlərin spikerliyi ilə “Ümumtəhsildə keyfiyyət modelləri vasitəsilə keyfiyyətə aparan yol” və “Ümumtəhsildə daxili keyfiyyət sisteminlərinin inkişaf etdirilməsi: Problemlər və Perspektivlər” adlı panel müzakirələrlə davam edib.