Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Bitkiçilik mütəxəssisi” peşə ixtisasının “Tütün bitkisi və tütünçülük” modulu üzrə həyata keçirilən imtahanlarda yüksək nəticə göstərən “TET International Development” MMC-nin əməkdaşları dövlət nümunəli sənədlə təltif olunub.
Sözügedən tədbiri giriş sözü ilə açan Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli ölkəmizdə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesinin önəmi və işəgötürənlərin bu prosesdəki vacib rolunu xüsusi vurğulayaraq ərizəçiləri təbrik edib.
Daha sonra Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.
Əlavə olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan danışılıb.
Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modul üzrə sertifikatlar təqdim olunub.