Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən peşə təhsili ixtisasları üzrə mütəxəssislər üçün “Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması” mövzusunda onlayn təlimlər keçirilib.
Təlimlərdə peşə təhsili müəssisələrinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Bakı Texniki Kollecinin əməkdaşları və eləcə də özəl sektor nümayəndələri iştirak edib.
Təlim iştirakçılarına peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi və tanınması prosesi, testologiya elmi, bu elm əsasında test və praktiki tapşırıqların tərtib edilməsi, eləcə də qısa müddətli təlim proqramlarının hazırlanması barədə ətraflı məlumat verilib.
Təlimlər bitdikdən sonra iştirakçılar təlim nəticələrinin mənimsənilməsi ilə bağlı qiymətləndirmədə iştirak ediblər. Belə ki, qiymətləndirmədə yüksək nəticə əldə etmiş ekspertlər vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin qiymətləndirilməsi prosesinə cəlb ediləcəklər.
Qeyd edək ki, “Kənd Təsərrüfatı, Balıq və Meşə təsərrüfatı” ixtisasları üzrə qeyri-formal və informal təhsilin tanınması prosesində ekspert qismində iştirak etmək üçün müraciət etmək istəyən namizədlər qeyd olunan keçidə daxil olaraq uyğun məlumatları əlavə edə bilərlər.