Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü və “Kids Academy by British School” uşaq bağçasının təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Dayə” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.
Daha öncə nəzəri imtahandan uğurla keçən ərizəçilərin növbəti mərhələdə bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan “Kids Academy by British School” uşaq bağçasında təşkil edilib.
TKTA-nın nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə və “Kids Academy by British School” MMC-nin təsisçisi və direktoru Gülnarə Qafarova üzv kimi, sahə üzrə müstəqil ekspert qismində isə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin direktoru Xalidə Rzayeva və Nizami rayonu 59 saylı Körpələr Evi Uşaq Bağçasının müdiri Rəna Süleymanova cəlb edilib.
Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət dayə peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır. Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Dayə” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.