17 noyabr 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” adlı forum təşkil edilib.
Forumun əsas məqsədi xarici ölkələrin ali təhsil müəssisələrindən əldə edilmiş diplomların, həmçinin, qeyri-formal və informal təhsil yolu ilə əldə edilmiş bilik və bacarıqların tanınması və qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə bu sahədə baş verən rəqəmsallaşmanın və tətbiq olunan yeniliklərin müzakirəsini təşkil etməkdir.
Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli, nazirliyin səlahiyyətli nümayəndələri, yerli ali təhsil müəssisələrinin rəhbərləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Qonaqlar arasında sahə üzrə beynəlxalq təşkilatların rəhbər heyəti və ekspertləri yer alıb.
Agentliyin İdarə Heyətinin sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Kamran Rəsulov açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və əlaqəli sahədə bugünə kimi görülmüş işlər barədə məlumatı forum iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli öz çıxışında son dövrlərdə təhsil sahəsində aparılan islahatlardan danışıb, istər xarici ali təhsil, istərsə də qeyri-formal və informal təhsil sahəsində mövcud çətinliklərə toxunub, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.
Açılış mərasimi Türkiyə Respublikasının Ali Təhsil Şurasının İdarə Heyətinin üzvü Hüseyin Karaman, Türkiyə Respublikasının Peşə Kvalifikasiyaları Agentliyinin sədri Mustafa Necmi İlhan və Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının prezidenti Marina Malginanın çıxışı ilə davam edib.