Image alternative text, required
TKTA tərəfindən ilk dəfə bölgələrdə yaşayan bitkiçi qadınların kvalifikasiyaları qiymətləndirilib
Title

“PAŞA Holding” MMC-nin maliyyə dəstəyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə “Peşəkar qadınlar” adlı ilk dəfə olaraq regionlarda yaşayan qadınların kvalifikasiyalarının qiymətləndirilməsi sosial layihəsinə start verilib, belə ki, sözügedən layihə çərçivəsində Astara rayonunda yaşayan qadınların kvalifikasiyaları qiymətləndirilib.

 

“Peşəkar qadınlar” layihəsi çərçivəsində Astara rayonunda  “Bitkiçilik mütəxəssisi” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə prosesinin nəzəri imtahan mərhələsi A. İbrahimov adına Astara rayonu Şuvi kənd tam orta məktəbində baş tutub. “Astaraçay” MMC ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində nəzəri imtahan prosesini uğurla tamamlayan namizədlər isə müəssisənin təsərrüfat sahəsində praktiki imtahana cəlb olunublar.

 

TKTA-nın nümayəndəsinin sədrlik etdiyi  Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində  “Astaraçay” MMC-nin İnsan resursları şöbəsinin müdiri Natiq İbadov, sahə üzrə müstəqil ekspert qismində təlimçi-ekspert Gülməmməd Həsənov iştirak ediblər.

 

Sözügedən layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan qadınların bilik, bacarıq və təcrübələrinin qiymətləndiririlməsi yolu ilə onların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən, rifahının, özünüməşğulluq və dayanıqlı məşğulluq imkanlarının artırılması, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

 

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Bitkiçilik mütəxəssisi” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.

 

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddətdir ki, “Bitkiçilik mütəxəssisi” ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olurlar və Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kurslarında təlim keçiblər. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən dövlət nümunəli sənəd həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarçılığının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.