Image alternative text, required
TKTA tərəfindən ekspertlər üçün təlimlər təşkil edilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Peşə Təhsili Müəssisələrində (PTM) akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlərin hazırlanması təliminə başlayıb. Bu məqsədlə 16-17 yanvar tarixlərində Təlim və metodologiya şöbəsi tərəfindən təlimin ilk modulu onlayn şəkildə təşkil edilib. İlk modulda ölkədə fəaliyyət göstərən peşə məktəblərini təmsil edən 35 əməkdaş iştirak edib. Namizədlərə “PTM-lərin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “PTM-lərin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”, akkreditasiya prosesi, Akkreditasiya Komissiyasının sədri və üzvlərinin səlahiyyətləri, hüquqları, vəzifə və öhdəlikləri haqqında geniş məlumat verilib.

Namizədlərin bu sahədə nəzəri biliklərini artırmaq və praktiki səriştələrini inkişaf etdirmək məqsədilə 30-31 yanvar tarixlərində Agentliyin inzibati binasında təlimin II modulu simulyasiya əsasında təşkil edilib. Simulyasiya təlimləri ekspertlərə PTM-lərin akkreditasiyasını qiymətləndirərkən qarşılaşdıqları müxtəlif situasiyaları həll etmək bacarığı qazandırmaq üçün nəzərdə tutulub.

Təlimdə ilk olaraq çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov son zamanlar Agentliyin genişlənən mandatı çərçivəsində peşə təhsil müəssisələrinə münasibətdə akkreditasiya qiymətləndirilmə prosesinə başlanıldığını və bu prosesdə ekspertlərin dəstəyinin vacib olduğunu qeyd edib. O, həmçinin təlimlərin simulyasiya formasında keçirilməsinin maraqlı olmaqla yanaşı, ekspertlərin fərdi səriştələrinin üzə çıxmasında mühüm rol oynadığını vurğulayıb.

İki gün davam edən II modul təlimlərində müxtəlif PTM-ləri təmsil edən 32 namizəd iştirak edib.