Image alternative text, required
TKTA tərəfindən BDU-da ali təhsil müəssisələri üçün “Keyfiyyətə Doğru Addım: Akkreditasiya Prosesinə Hazırlıq” seminarı keçirilib
Title

23 iyun 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Bakı Dövlət Universitetinin ev sahibliyi ilə “Keyfiyyətə Doğru Addım: Akkreditasiya Prosesinə Hazırlıq” mövzusunda seminar təşkil olunub. Tədbirdə ölkənin 40 ali təhsil müəssisəsindən (ATM) 84 əməkdaş iştirak edib.

Seminarın açılış mərasimində çıxış edən rektor Elçin Babayev bildirib ki, ATM-lərin akkreditasiyası kifayət qədər məsuliyyətli bir prosesdir. Bu, yalnız universitetlərin fəaliyyətini qiymətləndirmir, həm də onların daxili inkişaf strategiyasını, idarəetməni necə qurduqlarını göstərir, cəmiyyət qarşısında cavabdehlik hissini gücləndirir: “Bəzən səhv olaraq akkreditasiyaya cəza mexanizmi kimi baxılır. Əksinə, akkreditasiya prosesi qüsurların düzəldilməsi üçün faydalı, universitetlərin xeyrinə olan prosesdir. Özünütəhlil hesabatları düzgün hazırlanmayanda nöqsanların düzəldilməsi də çətin olur. Keyfiyyət təminatı yalnız tədrisi deyil, elm, beynəlxalq əlaqələr, sosial həyat, hətta təsərrüfatın təşkili kimi məsələləri də əhatə edir. Belə seminarların təşkili müxtəlif universitetlərin bu sahədə təcrübə mübadiləsi aparmasına imkan verir”.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında ATM-lərdə keyfiyyət mədəniyyətinin formalaşdırılması, dayanıqlı inkişafın təmin olunması və tələbəyönümlü təhsil mühitinin gücləndirilməsi baxımından belə seminarların mühüm rol oynadığını vurğulayıb: “Ali təhsildə kəmiyyətin keyfiyyətə keçməsini yüksək səviyyədə təmin edə bilsək, cəmiyyətə daha çox fayda vermiş olarıq. Akkreditasiya ATM-lər üçün vəziyyətin düzgün qiymətləndirilməsi və onun daha da yaxşılaşdırılması üçün bir alətdir. TKTA bu məsələdə ATM-lərə dəstək verməyə hazırdır.

Qeyd edək ki, seminarın əsas məqsədi institusional və proqram akkreditasiyasına ATM-lərin hazırlıq səviyyəsini artırmaq, onlara metodoloji dəstək göstərmək və akkreditasiya prosesinin uğurla təşkil edilməsi üçün zəruri təcrübələri paylaşmaqdan ibarətdir.

Tədbirin ilk günü “Akkreditasiya prosesində ATM-lərin və ekspertlərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə ATM-lərin nümayəndələri və TKTA tərəfindən akkreditasiya proseslərinə cəlb olunmuş ekspertlər iştirak ediblər. Müzakirə zamanı ekspertlər və ATM nümayəndələri akkreditasiya prosesində ATM-lərdə müşahidə olunan güclü və zəif tərəfləri, proqram və institusional qiymətləndirmə arasında fərqləri, Özünütəhlil hesabatlarında rast gəlinən əsas çağırışlar, eləcə də akkreditasiyanın inkişafyönümlü qiymətləndirmə kimi tətbiqinə dair təcrübələrini bölüşüblər.

İki gün ərzində təşkil olunacaq seminar sessiyalarında TKTA əməkdaşları tərəfindən təqdimatların keçirilməsi nəzərdə tutulur. Sessiyalarda akkreditasiya mərhələləri, qiymətləndirmə meyarları, akkreditasiya prosesində sorğuların rolu, uğurlu akkreditasiya prosesini şərtləndirən amillər və Özünütəhlil hesabatının hazırlanması kimi mövzulara dair iştirakçılara praktiki nümunələr təqdim ediləcək, mövzular üzrə suallar cavablandırılacaq. Eyni zamanda, TKTA nümayəndələri tərəfindən konkret nümunələr əsasında izahatlar verilərək iştirakçıların təklifləri dinləniləcək.

Məlumat üçün bildiririk ki, TKTA öz Nizamnaməsinə uyğun olaraq mütəmadi olaraq təhsil müəssisələrinin akkreditasiyasının tələblərə uyğun həyata keçirilməsi üçün təlimlər təşkil edir və metodiki dəstək göstərir. Qeyd edək ki, TKTA tərəfindən ATM-lərin akkreditasiya prosesinə hazırlığının artırılması üçün bu kimi təlimlərin ildə iki dəfə keçirilməsi nəzərdə tutulur.