 
                                        2025-ci ilin 21 oktyabr tarixində Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) “SEQA-ESG II” layihəsinin bağlanış mərasimi, 22-24 oktyabr tarixində isə Flamand Ali Təhsil Şurası – Keyfiyyət Təminatı (VLUHR QA) və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyi (AEQES) ilə əməkdaşlıq çərçivəsində ENQA Baş Assambleyası keçirilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov və Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev tədbirlərdə iştirak etmək məqsədilə qeyd edilən tarixlərdə Brüssel şəhərinə səfər edib.
Baş Assambleyada ENQA-nın rəhbər heyətinin və təşkilata tam hüquqlu (60 ölkə) və müşahidəçi üzv (42) statusunda olan ölkələrin keyfiyyət təminatı qurumlarının nümayəndələri ilə yanaşı Afrika Universitetləri Assosiasiyasının (AAU) baş katibi, Honq Konq Akademik və Peşə Kvalifikasiyası üzrə Akkreditasiya Şurasının (HKCAAVQ) icraçı direktoru, Avropa Ali Təhsil Məkanı (EHEA) Katibliyinin rəhbəri, Avropa Universitetləri Assosiasiyasının (EUA) institusional inkişaf şöbəsinin direktoru, Avropa Tələbələr Birliyinin (ESU) vitse-prezidenti, Ali Təhsildə Avropa Keyfiyyət Təminatı Reyestrinin (EQAR) direktoru və digər şəxslər iştirak edib.
Tədbirdə Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG), eləcə də Bolonya prosesinin təkmilləşdirilməsi, müxtəlif regionlardan olan keyfiyyət təminatı agentlikləri arasında əməkdaşlıq, keyfiyyət təminatı proseslərində süni intellektdən istifadə və maraqlı tərəflərin töhfəsi kimi mühüm mövzular müzakirə edilib. Eyni zamanda, Baş Assambleya çərçivəsində ENQA İdarə Heyətinə prezident, vitse-prezidentlər və üzv seçkiləri keçirilib. Əvvəlki illərdə ENQA İdarə Heyətinə rəhbərlik etmiş şəxslərin panel müzakirələri ilə ENQA-nın 25 illik yubileyi qeyd edilib.
Məlumat üçün bildiririk ki, ENQA-ya tam hüquqlu üzvlüyə dəstək məqsədilə TKTA
Serbiya, Bosniya və Herseqovina və Ukrayna keyfiyyət təminatı agentlikləri ilə birlikdə 3 illik SEQA-ESG II layihəsində iştirak edib. Layihə çərçivəsində 2023-cü ilin sentyabr ayında ENQA rəhbər heyəti Azərbaycan da daxil olmaqla, 4 ölkəyə səfər edib. Qeyd edək ki, son 3 ildə TKTA əməkdaşları layihə tərəfindən təşkil olunan tədbirlərdə iştirak edərək institusional inkişafa töhfə veriblər.


.jpg) 
                             
                             
                             
                            