23-25 oktyabr 2024-cü il tarixlərində Malta Respublikasının Sent-Culians şəhərində Malta Əlavə və Ali Təhsil Təşkilatının (MFHEA) ev sahibliyi etdiyi Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) Baş Assambleyası keçirilib.
Tədbirdə Malta təhsil, idman, gənclər, tədqiqat və innovasiya naziri Klifton Qrima, ENQA-nın prezidenti Duqlas Blakstok və direktoru Anna Qover, MFHEA-nın baş icraçı direktoru Rouz Ane Kuşier, eləcə də ENQA-ya üzv və müşahidəçi statusunda olan keyfiyyət təminatı agentliklərinin rəhbər şəxsləri və nümayəndələri iştirak edib.
Tədbirdə Avropa keyfiyyət təminatı üzrə standartlar və təlimatlar sənədinin (ESG) təkmilləşdirilməsi, keyfiyyət təminatında tədqiqat, rəqəmsallaşma, data-əsaslı qərarvermə, keyfiyyət təminatı agentlikləri arasında əməkdaşlıq kimi mühüm mövzular müzakirə olunub. Eyni zamanda, Baş Assambleya çərçivəsində ENQA İdarə Heyətinə seçkilər keçirilib.
Bildiririk ki, ENQA-nın dəstəyi ilə həyata keçirilən SEGA-ESG II layihəsi çərçivəsində digər 3 ölkədə (Bosniya-Herseqovina, Serbiya və Ukrayna) olduğu kimi Azərbaycanda da milli keyfiyyət təminatı agentliyi olan TKTA-nın ENQA-ya tamhüquqlu üzvlüyünün dəyərləndirilməsi məqsədilə fəaliyyət planı hazırlanıb və aidiyyəti üzrə ENQA-ya təqdim olunub. Növbəti il ərzində TKTA-nın ENQA-ya üzvlük prosesi ilə əlaqəli Özünütəhlil hesabatının hazırlanması və ENQA-nın müvafiq komissiyasının TKTA-ya sahə səfəri planlaşdırılır.