TKTA Azərbaycan üzrə Beynəlxalq Mili Məlumat Mərkəzinin (ENIC-NARIC) təmsilçisi olaraq, “Qlobal Tanınma Konvensiyası” ilə bağlı vebinarda iştirak edib. Vebinarın əsas mövzusu Qlobal Tanınma Konvensiyası ilə Lissabon Tanınma Konvensiyasının müqayisəsi, oxşarlıq və fərqliliklərin müzakirəsi, həmçinin Qlobal Tanınma Konvensiyasının Lissabon Tanınma Konvensiyası ərazisində təsirləri ilə bağlı fikir mübadiləsi olub.
Vebinarda Avropa regionundakı ali məktəblərlə digər regionların ali təhsil müəssisələri arasında akademik əməkdaşlıq, Avropa regionundan olan kvalifikasiyaların digər regionlarda tanınması, regionlararası şəbəkələşmə imkanları Qlobal Tanınma Konvensiyasının əsas elementləri olaraq təqdim olunub.
Müzakirələr zamanı qaçqın və məcburi köçkünlərin əldə etdiyi kvalifikasiyaların qiymətləndirilməsi, həmçinin Qlobal Tanınma Konvensiyasını Lissabon Tanınma Konvensiyasından fərqləndirən cəhətlər olaraq birgə dərəcə proqramlarından əldə olunmuş kvalifikasiyaların, qeyri-formal və informal təhsilin, qeyri-ənənəvi təhsil formasında əldə olunmuş kvalifikasiyaların tanınması kimi məqamlar haqqında da məlumat verilib.
TKTA-nın nümayəndəliyi müzakirələrdə aktiv iştirak edərək, bu istiqamətdə mühüm məqamları ENIC-NARIC şəbəkəsindən olan tədbir iştirakçılarının nəzərinə çatdıraraq, gələcəkdə tanınma prosesində Konvensiyanın təsirləri, həmçinin regionlararası əməkdaşlığın və şəbəkələşmənin qurulmasının vacibliyini vurğulayıb.