Fransanın Paris şəhərində ali təhsil kvalifikasiyalarının tanınması haqqında Qlobal Konvensiyanın birinci sessiyası keçirilib. 25 noyabr 2019-cu il tarixində UNESCO-nun Baş konfransının 40-cı sessiyası zamanı qəbul edilmiş Qlobal Konvensiyanın əsas məqsədi ali təhsil sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dünyada təhsilin keyfiyyətini artırmaq və bu sahədə inkluzivliyi gücləndirməkdir.
Sözügedən Konvensiyanın haqqında Paris şəhərində təşkil olunmuş sessiya zamanı ali təhsil sahəsində inkluzivliyin artırılması, ali təhsilə aid kvalifikasiyaların tanınmasında texnologiyanın və ali təhsil müəssisələrinin rolu, həmçinin, ali təhsilə aid kvalifikasiyaların tanınması sahəsində ixtisaslaşan regional və qlobal təsisatlar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sessiya zamanı Qlobal Konvensiyanın müvafiq müddəaları müzakirə olunaraq, üzv ölkələrin nümayəndələrinin rəy və təklifləri dinlənilib, daha sonra Konvensiyanın daxili iş proqramı təsdiq olunub və büroya seçkilər keçirilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası sözügedən Konvensiyanın birinci sessiyasına müşahidəçi ölkə qismində dəvət edilib. Sessiyada ölkəmizi Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli təmsil edib.