“Bərbər” ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib. Praktiki imtahan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü və “Face Studio”-nun təşkilati dəstəyi ilə baş tutub.
Belə ki, “Bərbər” ixtisası üzrə müraciət etmiş ərizəçilər daha öncə “Saçın rənglənməsi”,“Saç düzümləri” və “Müştəriyə xidmət” modulları üzrə test imtahanında iştirak ediblər.
Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər dövlət nümunəli sənədlə (sertifikatla) təltif olunacaqlar.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal yollarla təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” təsdiq edilib.