Image alternative text, required
TKTA-nın təşkil etdiyi “Ali təhsildə keyfiyyət təminatı" adlı beynəlxalq forumun birinci günü başa çatıb
Title

5 may 2022-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Baku Marriott Boulevard Hoteldə “Ali təhsildə keyfiyyət təminatı" adlı  Beynəlxalq Forumun açılış mərasimi baş tutub.

 

Forumun məqsədi ali təhsildə daxili və xarici keyfiyyət təminatı, tədqiqat potensialının inkişafı, eləcə də ali təhsil müəssisələrinin əmək bazarı ilə əlaqələndirilməsi məsələlərinin müzakirəsi olub.

 

Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova Agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

Əsas məruzəçilərdən olan Təhsil naziri Emin Əmrullayev ilk öncə öz çıxışında   Azərbaycan təhsil məkanında Boloniya prosesi çərçivəsində həyata keçirilən islahatlar ali təhsilin keyfiyyətinin artırılmasında öz töhfəsini verdiyini qeyd edib. Bununla yanaşı nazir qarşıda duran hədəflərdən biri olan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Təlimatlarının (ESG) tətbiqi və Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) tam hüquqlu üzvlük eləcə də qeyd edilən istiqamət üzrə milli agentliklərlə əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulayıb.

 

Forumda Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA / AIKA) sədri Jolanta Silka, Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (QAA) direktoru Vicki Stott, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru Luut Kroes və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ATM-lərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunublar.

 

İki gün davam edəcək Forumun ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru, Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) direktoru, Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA / AIKA) sədri tərəfindən ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu, ali təhsil müəssisələrinin tədqiqat potensialının inkişafında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunulub və tədbir iştirakçılarının sualları cavablandırılıb.  

 

Forumun ikinci günü isə ali təhsil müəssisələrinin nümayəndələri (daxili keyfiyyət təminatı strukturunun əməkdaşları, dekan, tədris şöbələrinin müdirləri və s.) üçün beynəlxalq ekspertlər tərəfindən praktik vorkşoplar keçiriləcəkdir.