Avropa Milli Məlumat Mərkəzlərinin Şəbəkəsinin (ENIC-NARIC) təşkilatçılığı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanınma üzrə ekspert qrupunun da iştirak etdiyi növbəti silsilə təlimlərə start verilib.
Belə ki, ekspert qrupu həmin silsilənin davamı olaraq “Qeyri-formal və İnformal təhsilin tanınması və ENİC-NARİC mərkəzlərinin bu prosesdə rolu“ mövzusunda vebinarda iştirak edib. Bu növ təhsilin tanınması proseduru, tətbiqi imkanlarına müxtəlif ölkələrin praktikası və təcrübələri əsasında nəzər yetirilib.
Avropa Şurasının nümayəndəsi Jean Philippe Restouix moderatoluğu ilə baş tutan müzakirədə, İsveçrə nümayəndəsi Cecilia George, İrlandiya nümayəndəsi Angela Lambkin və İslandiya nümayəndəsi Ína Dögg Eyþórsdóttir mövzu ilə bağlı təqdimatlar nümayiş edib, təlim iştirakçılarının və digər ölkə nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırıb. Eyni zamanda təlimdə qeyri-ənənəvi formada əldə edilmiş bacarıqların tanınmasının Lissabon Tanınma Konvensiyası və Bolonya prosesinə uyğunluğu məsələsinə də toxunulub. Yekunda “Qeyri-formal və İnformal təhsilin tanınması”nın önəmi vurğulanıb, əmək bazarının rəqabət mühitindəki rolu və gətirəcəyi nəticələr haqqında danışılıb.
Qeyd edək ki, Avropa Milli Məlumat Mərkəzlərinin Şəbəkəsi (ENIC-NARIC) tərəfindən təşkil olunan silsilə tədbirlərin cari ilin dekabr ayına kimi davam etməsi gözlənilir.