Image alternative text, required
TKTA-nın nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib
Title

   

  25-26 aprel 2024-cü il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) və Hacı Bayram Vəli Universitetinin təşkilatçılığı ilə “YÖKAK 2024-Keyfiyyət təminatı və akkreditasiya” adlı beynəlxalq konfransı keçirilib.

 Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə bir sıra xarici ölkələrin və keyfiyyət təminatı sahəsində nüfuzlu beynəlxalq təşkilatların məsul şəxsləri yer alıb.

  Tədbirin açılış mərasimində Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri cənab Erol Özvar, Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının sədri cənab Ümit Kocabıçak, Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın (ENQA) vitse-prezidenti xanım Doris Herrman çıxış edib, Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestri (EQAR) prezidenti cənab Stephan Lauwick-in konfransa videomüraciəti yayımlanıb.

 Çıxış edən məruzəçilər beynəlxalq səviyyədə keyfiyyət təminatı prosesinin ümumi vəziyyəti və inkişaf perspektivlərinə toxunub, beynəlxalq akademik mobilliyin və beynəlxalq kvalifikasiyaların tanınması üçün keyfiyyət təminatının təkmilləşdirilməsinin önəmi vurğulanıb.

  Keyfiyyət təminatında ölkələrin milli təcrübəsi barədə panel müzakirələrdə məruzəçi kimi iştirak edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin idarə heyətinin sədri Tural Əhmədov yeni dövrdə bir çox informal öyrənmə imkanlarının sürətlə genişləndiyini və ənənəvi təhsil müəssisələrinin bu prosesə çevik adaptasiyasının önəmini vurğulayıb, həmçinin bir sıra ali təhsil müəssisələrinin yerli akkreditasiya və digər xarici keyfiyyət təminatı proseslərini keçmələrinə rəğmən həmin müəssisələrdə təşkil olunan tədrisin keyfiyyəti və təqdim olunan ali təhsil kvalifikasiyaların əmək bazarında rəqabətə davamlı olmadığını qeyd edib.

  Tədbirin ikinci günündə Agentliyin hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin müdiri Sabir Mirzəzadə “Keyfiyyət təminatının tətbiqi və problemləri”  sessiyasında "Xarici ali təhsil ixtisaslarının tanınmasında təhsil proqramlarının uyğunluğunun qiymətləndirilməsində yeni çətinliklər və həll yolları" adlı təqdimatla çıxış edib.