Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova "British Council" tərəfindən təşkil olunan “Creative Spark” proqramı çərçivəsində “Ali təhsil müəssisəsi” mövzusunda yekun Forumda iştirak edib.
“Creative Spark” proqramı 2018-ci ildən başlayan beşillik təşəbbüsdür. Proqramın məqsədi Azərbaycan da daxil olmaqla yeddi ölkədə Böyük Britaniyanın tərəfdaşlıq yolu ilə ali təhsil müəssisələrində sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir. Proqramın əsas benefisiarları universitet tələbələri, məzunlar, təhsil işçiləri və inkişaf etməkdə olan sahibkarlardır.
Tədbirdə çıxış edən sədr Ülkər Səttarova sahibkarlıq təhsili sahəsində həyata keçirilmiş təşəbbüslərin vacibliyini xüsusi qeyd edib və qabaqcıl təcrübələr barədə ətraflı məlumat verib.
Digər çıxış edənlər- Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld, Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “EnterpriseAzerbaijan” portalının rəhbəri Mətanət Musayeva və Böyük Britaniyanın aparıcı tərəfdaş universitetlərindən olan Nyukasl, Middlesex və Qrinviç universitetlərindən olan ekspertlər və digərləri “Creative Spark” proqramı haqqında danışıblar. Bu proqramın uğurlu olmasını qeyd ediblər. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, ADA Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Musiqi Akademiyasının nümayəndələri də çıxış edərək tədbir haqqında öz fikirlərini bölüşüblər.