27-28 may 2025-ci il tarixlərində SEQA-ESG 2 layihəsi çərçivəsində Serbiya Respublikasının Novi Sad şəhərində Serbiya Milli Keyfiyyət Təminatı Agentliyinin (NEAQA) ev sahibliyi etdiyi növbəti təlim və təcrübə mübadiləsi həyata keçirilib.
Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) akkreditasiya və lisenziya şöbəsinin aparıcı məsləhətçisi Xanım Quliyeva, təlim və metodologiya şöbəsinin böyük məsləhətçisi Bəyim Abdulla və analitik təhlil şöbəsinin böyük məsləhətçisi Gülnar Tahirli iştirak ediblər. Təlim zamanı Avropa standartları və bələdçi sənədinin (ESG) 3.6 (“Daxili keyfiyyət təminatı və peşəkar davranış”), ESG 3.4 (“Tematik təhlil”) və ESG 2.1 (“Daxili keyfiyyət təminatının nəzərə alınması”) standartları üzrə qabaqcıl təcrübələr təqdim edilib.
Tədbir çərçivəsində iştirakçı tərəflər qeyd olunan standartların milli səviyyədə akkreditasiya meyarlarında tətbiqi vəziyyəti üzrə fikir mübadiləsi aparıb və tematik təhlil üzrə keyfiyyət təminatı üzrə agentliklərin ortaq baxışlarının və çağırışlarının olduğu müəyyən olub.
Məlumat üçün bildiririk ki, sözügedən təlim SEQA-ESG 2 layihəsi çərçivəsində təşkil olunan sonuncu görüş olub. Qeyd edək ki, bu kimi beynəlxalq platformalarda fəal iştirak TKTA-nın ESG standartlarına uyğun fəaliyyətini möhkəmləndirmək, həmçinin ali təhsildə keyfiyyət təminatı sahəsində müasir yanaşmaları gündəlik təcrübəyə inteqrasiya etmək baxımından mühüm əhəmiyyət kəsb edir.