Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspert heyətinin üzvü İrlandiya Respublikasının Dublin şəhərində baş tutmuş Avropa Milli Məlumat Mərkəzlərinin Şəbəkəsinin (ENIC-NARIC Networks) 29-cu illik görüşündə ölkəmizi təmsil edib.
İrlandiyanın Keyfiyyət və Kvalifikasiyalar Agentliyi (QQI) və Akademik Tanınma üzrə Milli Məlumat Mərkəzinin ev sahibliyi etdiyi görüş Avropa regionu ilə yanaşı, Avstraliya, Kanada, Qırğızıstan və ABŞ da daxil olmaqla 49 ölkədən 125 milli məlumat mərkəzinin nümayəndəsini bir araya toplayıb.
İki illik fasilədən sonra yenidən fiziki qaydada təşkil olunan görüşdə iştirakçılar şəbəkələrin son fəaliyyətləri ilə tanış olub, tanınmanın rəqəmsallaşdırılması, keyfiyyət təminatı, mikro-kvalifikasiyalar, qaçqınların kvalifikasiyalarının tanınması və digər əlaqəli mövzularda nümunəvi təcrübələrini paylaşmaqla məlumat əldə ediblər. TKTA-nı təmsil edən Kvalifikasiyaların tanınması şöbəsinin baş məsləhətçisi Fariz Qasımzadə görüş çərçivəsində plenar və sessiya iclaslarında aktiv şəkildə iştirak edərək, tədbir ərzində təşkil edilən təlimlərdən faydalı məlumatlar əldə edib. Təlimlər çərçivəsində iştirakçılar xüsusilə tanınmanın rəqəmsallaşdırılması mövzusunda Azərbaycan təcrübəsi ilə tanış olublar.
Bundan əlavə, tədbirdə Avropa Şurası və YUNESKO-nun Lissabon Tanınma Konvensiyasının 25 illiyi qeyd olunub. Həmçinin "Asiya və Sakit Okean regionunda ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında" Tokyo Konvensiyasına üzv dövlətlərin Milli Məlumat Mərkəzlərinin Şəbəkəsi (APNNIC) üçün yeni istifadəyə verilmiş rəsmi sayt görüş iştirakçılarının diqqətinə təqdim olunub.
Qeyd etmək istərdik ki, Avropa Milli Məlumat Mərkəzlərinin Şəbəkəsinin növbəti illik görüşü 2023-cü ilin 10-12 iyun tarixlərində İsveç Krallığının paytaxtı Stokholmda keçiriləcəkdir.