Image alternative text, required
TKTA-nın Ekspert qrupu növbəti beynəlxalq vebinarda iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanınma üzrə ekspert qrupu “QUATREC” layihəsinin tətbiq edilməsi çərçivəsində “Kvalifikasiyaların Qiymətləndirilməsində Təlim Nəticələrinin İstifadəsi “ mövzulu vebinarda iştirak edib. “QUATREC” kvalifikasiyaların tanınması prosesində təlim nəticələrinin müqayisəli qiymətləndirilməsini və Milli Kvalifikasiyalar Çərçivəsinə uyğun olaraq işlənilib təkmilləşdirilməsini hədəfləyən layihədir. 

 

Latviya Respublikasının Milli Məlumat Mərkəzinin (ENIC/NARIC) təşkilatçılığı ilə baş tutan tədbirdə Litva Respublikasının Vytautas Magnus Universitetinin, habelə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Milli Məlumat Mərkəzinin nümayəndələri mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər. 

 

Vebinar çərçivəsində əldə olunmuş ali təhsil və öncəki təhsil kvalifikasiyalarının əmək bazarına daha uğurlu inteqrasiyası məqsədilə ali təhsil proqramları üçün təlim nəticələrinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub. Həmçinin sözügedən layihənin tətbiqi çərçivəsində ali təhsilə aid kvalifikasiyalar üzrə təlim nəticələrinin qiymətləndirilməsində informasiya texnologiyalarından, xüsusi alqoritmlərdən istifadə mövzusunda, o cümlədən, ali təhsil müəssisələrinin təqdim etdiyi diplom əlavələrinin (akademik transkript) bu xüsusda daha səmərəli istifadəsinə dair təkliflər səsləndirilmişdir.

 

Vebinarın yekununda əlaqəli mövzuya dair iştirakçıların sualları cavablandırılıb, müxtəlif dövlətlərin bu sahədə təcrübələri paylaşılıb və tövsiyyələr səsləndirilib.

 

Qeyd edək ki, Avropa Milli Məlumat Mərkəzlərinin Şəbəkəsi tərəfindən  kvalifikasiyaların tanınması mövzusunda təşkil olunan silsilə təlimlərin davam etməsi gözlənilir.