Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanınma üzrə ekspert qrupu “Face-the-Case” seminarı çərçivəsində Afrika regionu üzrə ilk təlimlərdə iştirak edib.Onlayn formatda keçirilən təlim tanınma üzrə dünya ölkələrinin məlumat mərkəzi şəbəkələri arasında məlumat mübadiləsini artıqmaq və qarşılıqlı təcrübələri bölüşmək üçün platforma rolunu oynayır.
Təlimin əsas müzakirə mövzusu Afrika ölkələrində əldə edilmiş kvalifikasiyaların tanınmasında yaranan çətinliklər və tanınma prosesi zamanı diqqət yetirilməli məqamlar olub. Əlavə olaraq təqdim olunan sənədlərin legitimliyinin təsdiq edilməsi üçün metodlar müəyyənləşdirilir.
Belə ki, Efiyopiya, Kotdivuar, Benin, Somali və Malavidə təhsil almış tələbələrin tanınma üçün təqdim etdikləri diplomların həqiqiliyi, onları təqdim edən ali təhsil müəssisələrinin statusu müzakirə olunub.
Məlumat üçün qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elektron ərizə sistemində Afrika regionundan kvalifikasiyalarının tanınması üzrə ümumilikdə 233 ərizə qeydə alınıb. Sözügedən təlimlər, ekspert qrupunun bu region üzrə daxil olan müraciətlərin ekspertizası zamanı daha da səmərəli fəaliyyətini təmin edəcəkdir.
Qeyd edək ki, ekspert qrupu bu təlimlərlə yanaşı, cari ilin may ayınadək ümumilikdə daha 4 region (Latın Amerikası, Asiya, Yaxın Şərq, Avropa) üzrə keçiriləcək təlimlərdə davamlı iştirak edəcəkdir.