Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində sözügedən ali təhsil müəssisələrinin akademik və inzibati heyəti üçün təlimlər təşkil edilib.
TKTA-nın peşəkar eksperti Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov tərəfindən Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun akademik və inzibati heyətinə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulması və monitorinqi və təhsildə keyfiyyət təminatı sahəsində beynəlxalq təcrübəyə dair məlumat verilib.
Təlimdə “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”, “Daxili Səmərəli Monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması”, “Strateji idarəetmə” mövzuları da iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda, səfər çərçivəsində Naxçıvan Musiqi Kollecində TKTA ilə orta ixtisas təhsili müəssisələrinin əməkdaşlıq imkanlarının artırılmasına həsr olunmuş məlumatlandırma günü təşkil olunub.