Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspert qrupu 6 ay davam edən NARIC təliminin yekun görüşündə iştirak edib. Görüşə Avropa Milli Məlumat Mərkəzləri ilə yanaşı, Yeni Zelandiya və Kanada Milli Məlumat Mərkəzləri də qoşulub.
Görüşdə MDB təhsil sənədləri müzakirə edilib, nümunələr əsasında ölkələr öz təcrübələrini bölüşüblər. Bu istiqamətdə Azərbaycanın Milli Məlumat Mərkəzi timsalında çıxış edən TKTA təmsilçisi, görüş iştirakçıları ilə öz təcrübəsini paylaşıb. Paralel olaraq tanınma istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılaraq, avtomatik tanınmanın daha geniş tətbiqi müzakirə olunub.
ENIC-NARIC mərkəzlərinin faəliyyəti haqqında müzakirələr əsasında Agentliyin Avropanın digər tanınma mərkəzlərindən elektron ərizə sisteminin tətbiqi istiqamətində irəlidə olduğu qeyd edilib. Belə ki, sıfır təmas prinsipinin tətbiqi, yəni sənədlərin qəbulundan tanınma barədə qərarın ərizəçiyə təqdim edilməsinədək prosesin tam elektronlaşdırılmış şəkildə həyata keçirilməsi xüsusilə diqqətə çatdırılıb.
TKTA-nın ekspert qrupu davamlı olaraq iştirak etdiyi beynəlxalq vebinar və seminarlardan əldə etmiş olduqları təcrübənin nəticəsi olaraq NARIC təliminin yekun görüşündə xüsusi fəallığı ilə seçilib. Cari ilin sonunadək qrup beynəlxalq tədbirlərdə iştirakına davam edəcək və əldə edilmiş təcrübələrdən tanınma proseslərinin təkmilləşdirilməsi üçün istifadə edəcəkdir.