Təhsildə Keyfiyyət Təminatı Agentliyi sahibkarlar, işəgötürənlər və onların nümayəndələrini peşə təhsili üzrə prioritet ixtisasların müəyyən edilməsi ilə bağlı sorğuda iştirak etməyə dəvət edir.
Əmək bazarında işçi qüvvəsinə olan tələb və təkliflərin təhlil olunması, eləcə də prioritet peşə sahələrinin müəyyən edilməsi və gələcək əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Agentlik tərəfindən özəl sektor nümayəndələri arasında geniş miqyaslı sorğu həyata keçirilir.
Keçiriləcək sorğunun nəticəsinə əsasən, müəssisələrin kadr ehtiyacı öyrəniləcək və müəyyən olunmuş ixtisaslar üzrə peşəkar kadrların seçimi üçün müəssisələrə dəstək olunacaqdır.
Qeyd edək ki, peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınması fəaliyyəti istiqamətində qiymətləndirmə və tanınması həyata keçiriləcək ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla müəyyən edilir. Sözügedən faəliyyətin məqsədi vətəndaşların əmək bazarına çıxış imkanlarını genişləndirməklə onların məşğulluq səviyyəsinə və nəticədə sosial rifahına dəstək verməkdir.
Yekunda sorğunun nəticələri hesabat formatında ictimailəşdiriləcəkdir.
Sorğuda iştirak üçün bu keçiddən istifadə edə bilərsiniz.