26 iyul 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və “Russo Group” MMC-nin təsisçisi və direktoru Ruslan Məmmədov arasında qeyri-formal və informal təhsilin tanınması və qiymətləndirilməsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Görüş zamanı tərəflər arasında birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub, qeyri-formal və informal təhsilin tanınmasının əmək bazarının tələbələrinə uyğun ixtisaslı kadrların hazırlanmasında və özəl sektorun inkişafında önəmliliyi vurğulanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər müvafiq sahədə fəaliyyət göstərən şəxslərin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınması istiqamətində birgə tədbirlər və layihələr həyata keçirəcək. Eləcə də, sözügedən müəssisənin sahə üzrə mütəxəssisləri Qiymətləndirmə Komissiyasına ekspert qismində cəlb olunacaqdır.
Qurulan əməkdaşlığın əsas məqsədi sözügedən fəaliyyət istiqaməti üzrə əmək bazarından ixtisaslı kadrların prosesə cəlb edilməsi, imtahan prosesində təşkilati dəstək göstərilməsi və dövlət – özəl tərəfdaşlığının gücləndirilməsidir.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək, onların məşğulluq səviyyəsinə və nəticədə sosial rifahına dəstək vermək məqsədi ilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların, qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsini həyata keçirir. Bu missiyanın həyata keçirilməsi üçün Agentlik müxtəlif sektorlardan olan əsas işəgötürənlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.