Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Bakı Avrasiya Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Bakı Avrasiya Universiteti əməkdaşlarına Daxili və Xarici Keyfiyyət Təminatına dair bir sıra təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Bakı Avrasiya Universitetinin akademik və inzibati heyətinə Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlarına (ESG) və yeni redaksiyada təsdiq olunmuş təhsil müəssisələrinin akkreditasiyası meyarlarına dair geniş məlumat verməkdir. Bundan əlavə olaraq təlimlər zamanı Bakı Avrasiya Universiteti əməkdaşları ilə Daxili Səmərəli Monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması, həmçinin akkreditasiya qiymətləndirilməsi üçün özünütəhlilin aparılması və hesabatın yazılmasına dair təlimlərin təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər ali təhsil müəssisələrini də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.