3 fevral 2022-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttərova Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) ölkəmizdə səfərdə olan rəhbər heyətini qəbul edib.
Görüşdə hər iki ölkə arasında təhsildə keyfiyyətin təminatı sahəsində təcrübə mübadiləsi, hər iki ölkədən olan ekspertlərin ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası prosesində beynəlxalq ekspert qismində iştirakı, üçüncü ölkələrdə müştərək beynəlxalq akkreditasiyanın həyata keçirilməsi, ehtiyac yarandığı təqdirdə hər iki tərəf üçün təlimlərin qarşılıqlı təşkil olunması haqqında müzakirələr aparılıb. Bununla yanaşı, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və tədqiqat sahəsində əməkdaşlıq, eləcə də beynəlxalq konfransların təşkil edilməsi məsələlərinə də toxunulub.
Qeyd edək ki, 2021-ci ilin oktyabrında hər iki qurum arasında anlaşma memorandumu imzalanıb. Adı çəkilən müqavilədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, ali təhsildə Avropa standartları və təlimatlarına əsaslanan daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə və ali təhsil müəssisələrinin müstəqil akkreditasiyasında iştirak etməsi üçün müəllimlərdən, işəgötürənlərdən və tələbələrdən ibarət işçi qrupunun yaradılmasına xüsusi diqqət ayrılıb.