TKTA Gəncə Dövlət Universitetinə təlim xidmətləri göstərəcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Gəncə Dövlət Universiteti arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən TKTA-nın peşəkar eksperti tərəfindən Gəncə Dövlət Universitetinin əməkdaşlarına təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

Təlimlərin əsas məqsədi Gəncə Dövlət Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına, eləcə də inzibati və akademik heyətə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dair dəstək verməkdən ibarətdir.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər Ali və Orta İxtisas Təhsili Müəssisələrini də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.