Image alternative text, required
TKTA əməkdaşları SEQA-ESG II layihəsi çərçivəsində tədbirdə iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya və lisenziya şöbəsinin əməkdaşları Faina Qaçabəyova və Nigar Əsgərova Avropa keyfiyyət təminatı agentliklərinin Avropa keyfiyyət təminatı üzrə standartlar və təlimatlar sənədinə (ESG) uyğunlaşmağa dəstək (SEQA-ESG II) layihəsi çərçivəsində keçirilmiş beynəlxalq seminarda iştirak ediblər.

 

Tədbir Belçikanın Brüssel şəhərində ali təhsil müəssisələrinin proqram akkreditasiyasını həyata keçirən VLUHR QA təşkilatının ev sahibliyi ilə keçirilib. “SEQA-ESG II Ekspertlərin qarşılıqlı öyrənmə seminar”ı başlığı altında təşkil olunmuş tədbirdə xarici keyfiyyət təminatı proseslərinə cəlb edilən ekspertlərə metodoloji istiqamətin verilməsi və onlarla səmərəli fəaliyyətin həyata keçirilməsinə müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulub.

 

TKTA əməkdaşları ilə yanaşı, Avstriya, Portuqaliya, Ukrayna, Bosniya və Herseqovina və Serbiyanın müvafiq keyfiyyət təminatı agentliklərindən tədbirə qoşulmuş nümayəndələr arasında təcrübə mübadiləsi aparılıb. Həmçinin, layihə çərçivəsində digər agentliklərlə yanaşı, TKTA tərəfindən icra edilən fəaliyyətlərə dair məlumat tədbir iştirakçılarına təqdim edilib.

 

TKTA Azərbaycan ali təhsil müəssisələrində xarici keyfiyyət təminatı, Agentliyin daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, eləcə də TKTA-nın Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasına (ENQA) tamhüquqlu üzv olmaq istiqamətində fəaliyyətləri icra etməyə davam edir.

 

Qeyd edək ki, SEQA-ESG II layihəsi Azərbaycan, Bosniya-Herseqovina, Ukrayna və Serbiyanın keyfiyyət təminatı agentliklərinin ENQA-ya müşahidəçi üzv statusundan tam hüquqlu üzvə keçmək istiqamətində dəstək məqsədilə 2022-ci ilin dekabr ayından etibarən 3 illik müddətində həyata keçirilir. Layihə 2025-ci il 30 noyabr tarixində bitdikdən sonra sözügedən ölkələrdə fəaliyyət göstərən keyfiyyət təminatı agentliklərinin ENQA-ya tam hüquqlu üzvlüyü dəyərləndiriləcəkdir.