Image alternative text, required
TKTA əməkdaşları CEENQA Baş Assambleyasında iştirak edib
Title

13-14 iyun 2025-ci il tarixlərində Estoniya Respublikasının Tallin şəhərində Estoniyanın Təhsil üzrə Keyfiyyət Agentliyinin (HAKA) ev sahibliyi etdiyi Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyası keçirilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov və Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev tədbirdə iştirak etmək məqsədilə qeyd edilən tarixlərdə Tallin şəhərinə səfər edib.

Azərbaycan da daxil olmaqla 27 ölkədən 46 təsisatın qoşulduğu təşkilat Mərkəzi və Şərqi Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhfə verməklə yanaşı, üzv təşkilatlar arasında təcrübə mübadiləsi və müştərək layihələrin həyata keçirilməsini təşviq edir. Tədbirdə CEENQA üzvü olan ölkələrin keyfiyyət təminatı agentliklərinin, eləcə də Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestri (EQAR), Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsi (INQAAHE), Avropa Tələbələr Birliyinin (ESU) nümayəndələri də iştirak ediblər.

Tədbirdə tədris proqramlarında keyfiyyət təminatı standartlarının təmin olunması, akademik proqramların əmək bazarının tələblərinə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin təşviq edilməsi, keyfiyyət təminatı mexanizmlərinin məzunların məşğulluğunun artırılmasına töhfəsi, kurikulumların təkmilləşdirilməsində əmək bazarı nümayəndələrinin rolu kimi mühüm mövzular müzakirə edilib.

Məlumat üçün bildiririk ki, Heyətin mübadiləsi proqramı çərçivəsində TKTA əməkdaşları 2024-cü ildə CEENQA-da təmsil olunan Rumıniya, Slovakiya, Sloveniya və Latviya Keyfiyyət təminatı agentlikərində təcrübə keçib və işçi əlaqələr yaradıblar. Bu təsisatların əhəmiyyətli hissəsi ENQA dəyərləndirilməsindən yeni keçdiyi üçün bu təcrübənin öyrənilməsi və işgüzar əlaqələrin saxlanılması baxımından digər CEENQA üzvü olan ölkələrlə də əməkdaşlıq kontekstində faydalı müzakirələr aparılıb və əməkdaşlıqların davam etdirilməsi razılaşdırılıb. 

Qeyd edək ki, 2024-cü ilin may ayında CEENQA Baş Assambleyası Bakı şəhərində məhz TKTA-nın ev sahibliyi ilə keçirilmişdir.