Təhsildə Keyfiyyət Təminatı Agentliyi Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb.
Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına yeni redaksiyada təsdiq olunmuş Akkreditasiya Qaydaları çərçivəsində “Xarici Keyfiyyət Təminatı”na dair təlimlərin təşkili nəzərdə tutulub.
Belə ki, Agentlik Nizamnaməsində qeyd olunan fəaliyyət istiqamətinə uyğun olaraq təhsil müəssisələrinə daxili keyfiyyət təminatı sisteminin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək, eyni zamanda daxili və xarici keyfiyyət təminatı ilə bağlı təlim xidmətləri göstərməyi planlaşdırır və təhsil müəssisələrini əməkdaşlığa səsləyir. Göstərilən xidmətlərin məqsədi təhsil müəssisəsində daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönlü prinsiplər əsasında təşkil olunmasına dəstək göstərilməsidir.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər ali təhsil müəssisələrini də təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.