Təhsildə Keyfiyyət Təminatı Agentliyində 27 sentyabr Anım Gününə həsr edilən tədbir keçirilib. Tədbirdə TKTA-nın rəhbər heyəti və əməkdaşları iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir açıq elan edilərək Vətən müharibəsinə həsr olunan videoçarx iştirakçılara təqdim olunub.
Tədbir zamanı TKTA-nın İdarə Heyətinin üzvü Emil Xəlilov müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan azad etdiklərini qeyd edib. O, tarix yazan qəhrəman ordumuzun, əsgər və zabitlərimizin Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğulayıb. Çıxışın sonunda E.Xəlilov vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını və gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsi olduğunu bildirib.