19 may tarixindən etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Azərbaycan Texniki Universitetinin əməkdaşları üçün onlayn təlimlərə start verilib. Strateji İdarəetmədə Keyfiyyət Təminatı, Daxili Keyfiyyət Təminatı və Xarici Keyfiyyət Təminatı başlıqları altında 11 fərqli mövzuda bir ay davam edəcək təlimlərin peşəkar ekspertlər tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
Agentlik nizamnaməsində qeyd olunan fəaliyyət istiqamətinə uyğun olaraq təhsil müəssisələrinə daxili keyfiyyət təminatı sisteminin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək, eyni zamanda daxili və xarici keyfiyyət təminatı ilə bağlı təlim xidmətləri göstərməyi planlaşdırır və təhsil müəssisələrini əməkdaşlığa səsləyir. Göstərilən xidmətlərin məqsədi təhsil müəssisəsində daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönlü prinsiplər əsasında təşkil olunmasına dəstək göstərilməsidir.
Qeyd edək ki, təlimlər Agentlik ilə Azərbaycan Texniki Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış müqavilə çərçivəsində təşkil olunur.