11 oktyabr 2022-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi“, Təhsildə Keyfiyyət Təminatının benefisiar olduğu və “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium beynəlxalq layihənin açılış mərasimi həyata keçirilib.
Açılış tədbirində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri xanım Dr. Ülkər Səttarova təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatına dair çıxış edib.
Daha sonra Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Layihə meneceri cənab Rza Zülfüqarzadə öz nitqində Avropa İttifaqının Azərbaycanda təhsil sahəsinə göstərdiyi dəstək barəsində danışıb.
Layihənin komanda rəhbəri İlkin Nəzərov layihənin məqsəd və fəaliyyətləri haqqında məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Layihənin baş ekspertləri Axim Hopbax, Qrim Pollok və Patrik Verquin akkreditasiya, keyfiyyət təminatı və qeyri-formal və informal təhsil tanınması üzrə beynəlxalq təcrübədə institusional potensialın gücləndirilməsi haqqında ətraflı məlumat veriblər.
Tədbirdə Elm və təhsil nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov da iştirak ediblər.
Tədbirin sonunda beynəlxalq ekspertlər iştirakçıların suallarını cavablandırıblar.
Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı, qeyri-formal və informal təhsil tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsndən ibarətdir.
Qeyd edək ki, layihə dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və TKTA-nın potensialının gücləndirilməsi, TKTA-nın ENQA-nın (Avropa Keyfiyyət Təminatı Assosiasiyası) tam üzvlüyünə müraciət etməsi üçün dəstəklənməsi, onun kommunikasiya funksiyasının təkmilləşdirilməsi, tədqiqat və analitik potensialının gücləndirilməsinə böyük töhfə verəcəkdir.