Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış müqavilə çərçivəsində silsilə təlimlərə start verilib.
Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarına Xarici Keyfiyyət Təminatına dair təlimlər nəzərdə tutulur.
Nəzərdə tutulan təlimlərin əsas məqsədi Azərbaycan Dövlət Pedaqoji Universitetinin akademik və inzibati heyətinə “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”, “Ali Təhsil pilləsində institusional və proqram akkreditasiya meyarları” və “Özünütəhlil hesabatlarının yazılması” mövzularına dair geniş məlumat verməkdir. Silsilə şəklində baş tutacaq təlimlərin ilkində ADPU-nun rektoru professor Cəfər Cəfərov və ADPU-nun digər struktur bölmə rəhbərləri iştirak edib. Universitetin heyətinə akkreditasiyası qaydaları və digər məsələlər ilə bağlı müzakirələr edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər Ali Təhsil Müəssisələrini də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.