Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən ADNSU-da çalışan tyutorların təlimlərə cəlb olunması prosesinə start verilib.
Təlimin əsas məqsədi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çalışan tyutorlara beynəlxalq təcrübəyə və standartlara əsasən tələbəyönlü təhsildə tyutorların vəzifə və öhdəliklərinə dair məlumatların verilməsidir. 60-dan çox tyutorun qatıldığı təlimlərin 5 gün davam edəcəyi və daha sonra tyutorların bilik və bacarıqlarının qiymətləndirilərək sertifikatlarla təltif ediləcəyi planlaşdırılır.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.