27 may 2021-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib. Onlayn konfransda TKTA-nın rəhbər heyəti və əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan TKTA-nın əməkdaşı Günel Xəlilova videokonfrans iştirakçılarını salamladıqdan sonra Respublika Günü münasibətilə təbriklərini bildirərək bu günə həsr olunan xüsusi videoçarxı iştirakçılara təqdim edib.
Videokonfransda çıxış edən Hüquqi təminat departamentinin direktorunun müavini, Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin müdiri Səbuhi Əfəndiyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi və keçdiyi yol haqqında ətraflı məlumat verərək, 28 may 1918-ci ildə elan olunan bu günün tariximizin ən şərəfli səhifəsi olduğunu qeyd edib.
Daha sonra çıxış edən Akkreditasiya və lisenziya şöbəsinin müdiri İlham Hümbətov bildirib ki, həmin dövrdə və belə bir şəraitdə Cümhuriyyətin elan olunması və dünyaya tanıdılması istiqamətində Azərbaycan ziyalıları, ideoloqları gərgin mübarizə nəticəsində əllərindən gələni əsirgəməyərək bu müqəddəs vəzifəni yerinə yetirməyi bacarıblar.
Videogörüş zamanı Agentliyin Kvalifikasiyaların tanınması şöbəsinin müdiri Aysel Kərimli də həmin dövrdə baş verən hadisələri xronoloji ardıcıllıqla qeyd edərək Xalq Cümhuriyyətinin az yaşamasına baxmayaraq xalqımızda azadlıq və müstəqillik fikirlərinin formalaşmasında müstəsna rolunu nəzərə çatdırıb.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyət tarixinin araşdırılmağa başlandığını və bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna qərarlarını diqqətə çatdıran çıxışçılar hazırda sözügedən siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin tariximiz üçün əhəmiyyətini xüsusi vurğulayıblar.