23 Dekabr 2021-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində cari ilin yekununa həsr olunmuş Mətbuat Konfransı keçirilib.
Konfransda Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov KİV qarşısında çıxış edərək cari ilin yekununa dair TKTA-nın fəaliyyət istiqamatləri barədə ətraflı məlumat verib.
Dövr ərzində ümumilikdə 737 məktəbdə monitorinqin aparılması, universitetlərdə akkreditasiya qiymətləndirilməsi prosesinin keçirilməsi, qeyri-formal və informal təhsil sahəsində görülmüş işlər, həmçinin, xarici kvalifikasiyaların tanınması xüsusi vurğulanıb.
Sədr çıxışı zamanı, qeyri formal və informal təhsilin tanınması ilə bağlı il ərzində təşkil olunmuş imtahanların nəticəsində vətəndaşlara 174 sertifikat, 13 diplom təqdim olunduğunu bildirib.
O, həmçinin, 22 müxtəlif ATM-in akademik və inzibati heyətinə “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda seminar, keyfiyyət təminatı səviyyəsinin tələbələrin gözü ilə təhlil olunması məqsədi ilə 16550 nəfər tələbə arasında anonim sorğu keçirildiyini vurğulayıb.
Son olaraq xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması barədə məlumat verərkən Sədr, diplomlarının tanınması üçün müraciət etmiş 3004 nəfərdən 2278 nəfərə müsbət (76%), 726 (24%) nəfərə isə mənfi cavab verildiyini diqqətə çatdırıb.
Təqdimatdan sonra E.Orucov KİV nümayəndələrinin suallarını cavablandırıb.