Təhsil müəssisəsinin fəaliyyətinin və müəssisədəki kadr hazırlığının keyfiyyət səviyyəsinin milli, beynəlxalq və ümumavropa təhsil sisteminin standartlarına cavab verməsi müəssisələrdə daxili keyfiyyət təminatı sisteminin formalaşmasını labüd edir. Çünki, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə keyfiyyətin təmin olunması üçün qoyulan tələblərdən biri təhsil və təlim müəssisələrində, təhsil fəaliyyəti ilə məşğul olan elmi müəssisələrdə keyfiyyətin daxili təminatı sisteminin yaradılması, keyfiyyətin qiymətləndirilməsi meyarlarının mövcud olmasıdır.
Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması strateji hədəflərdən biridir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsində təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək fəaliyyət istiqamətlərindən bir neçəsi olaraq qeyd olunub.
Agentlik Nizamnaməsində qeyd olunan fəaliyyət istiqamətinə uyğun olaraq təhsil müəssisələrinə daxili keyfiyyət təminatı sisteminin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək, eyni zamanda daxili və xarici keyfiyyət təminatı ilə bağlı təlim və metodiki dəstək xidmətləri göstərir. Bununla yanaşı, akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlərə təlimlər təşkil edərək onların fəaliyyətini sertifikatlaşdırır.
Akkreditasiya qiymətləndirilməsi prosesində ekspert qismində iştirak üçün Agentlik tərəfindən “Ekspert Bankı” yaradılmışdır. Namizədlərin müraciətləri davamlı olaraq nəzərdən keçirilir və qoyulmuş tələblərə uyğun namizədlər 3 moduldan ibarət təlimlərə cəlb olunurlar. Son 1 il ərzində akkreditasiya proseslərində ekspert qismində iştirak etmək üçün 543 nəfər müvafiq qaydada müraciət etmişdir. Onların müraciətləri öncədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilmiş və müraciətçilərdən 369 nəfəri daxili keyfiyyət təminatına dair 1-ci modul təlimlərə cəlb olunmuşdur. 1-ci modul təlimləri müvəffəqiyyətlə başa vurmuş 255 nəfər peşəkar ekspert fəaliyyəti ilə bağlı ikinci modul təlimlərə cəlb olunmuşdur. 2-ci modulu müvəffəqiyyətlə başa vurmuş 172 nəfərin 3-cü modul təlimlərə cəlb olunması planlaşdırılır.
Qeyd edək ki, bu zamana qədər 16 ali təhsil müəssisəsindən 12-nə daxili və (və ya) xarici keyfiyyət təminatına dair təlim və metodoloji xidmətlərin göstərilməsi yekunlaşıb. 4 ATM-də isə sözügedən xidmətlər davam edir. Eyni zamanda, 3 orta ixtisas təhsili müəssisəsinə əməkdaşlıq müqaviləsi çərçivəsində xidmətlər göstərilib.